|
DURNA KİMİ QATARINDAN QALMISAN…
…İndi o durna qatarına nəinki qoşulmaq, heç onu tapmaq mümkün deyil…

Hamı onu «Bizim Cəbiş müəllim» filmində yaratdığı obrazdan tanıyır. Elə
yaxın ətrafı da az qala onun həqiqi adını unudub «Makedon» deyə çağırır.
Amma o, aktyor deyil, sadə bir peşənin adamıdır. Minlərlə tamaşaçı sevgisi
qazanmış MAKEDON obrazını yaradan Aqil Ağacanov dəmir yolunda çalışır. Bakı-Sabunçu yol distansiyasının yol fəhləsi kimi. Düzdür, bir neçə il əvvəl
cəhd eləmişdim onunla görüşüb yazı yazmağa. Amma alınmamışdı. Distansiyanın
rəisi Şəmsəddin Talıbov olmasaydı, kim bilir, bəlkə yenə də alınmayacaqdı.
Nə isə…Hər halda Aqil Ağacanov redaksiyasızın qonağı oldu.
ÖMÜRLÜYÜNDƏN:
Aqil Ağacanov 1949-cu ildə Pirşağı kəndində anadan olub. Kənd orta məktəbini
bitirib. 1969-1971-ci illərdə Lvov şəhərində hərbi xidmətdə olarkən,
İvanovo-Frankovoda aşbazlıq peşəsinə yiyələnib. Hərbi xidməti başa vurandan
sonra Bakıda və Pyatiqorsk şəhərlərində daha iki dəfə aşbazlıq kursunu
bitirib. 1971-1984-cü illərdə sevimli peşəsində çalışıb, el şənliklərində
ləzzətli kababçı kimi çalışıb. 1984-cü ildə keçmiş Bakı hissəsinin Pirşağı
stansiyasında qatar tərtibçisi kimi fəaliyyətə başlayıb və taleyini o gündən
dəmir yolu ilə bağlayıb. 1986-cı ildə Bakı-Sabunçu yol distansiyasında yol
montyoru kimi fəaliyyətini davam etdirir və bu günə kimi öz sevimli
dəmiryolçu peşəsində çalışır. 4-cü dərəcəli yol montyorudur.
Bir oğlu, iki qızı var.
DİLƏ GƏLDİ XATİRƏLƏR:
Aqil Ağacanov «Bizim Cəbiş müəllim» filminə çəkilmə tarixindən danışdı:
1969-cu il idi. Pirşağıdakı mədəniyyət evinin qabağında məhəllə uşaqları ilə
söhbət edirdik. Mərhum yazıçı, kinodramaturq, kinorejissor Həsən
Seyidbəylinin «Volqa»sı yanımızda dayandı (Onun bağ evi Pirşağıda olduğundan
kəndə tez-tez gələrdi, «37-37» nömrəli yaşıl «Volqa»sı var idi). Mənimlə
nərd oynamaq istədiyini bildirdi. Oynamaq istəmədim, amma o, təkid etdi. Onu
da dedi ki, əgər o, udsa, Şahbala dayının mağazasından istədiyi malı pulsuz
götürəcək və onun pulunu mən ödəməli olacam. Yox, əgər uduzsa, məni filmə
çəkəcək. Mən qalib gəldim. Vizit kartını mənə verdi və sabah səhər doqquzda
Kinematoqrafiya Komitəsində gözləyəcəyini dedi.
İki nəfər kənd uşağı ilə birlikdə getdik. Mərhüm Həsən Seyidbəyli mənə
müəllifi Maqsud İbrahimbəyov olan bir ssenari verdi. Adı belə idi: «MÜHARİBƏNİN
1001 GÜNÜ»
XATIRLATMA: «Müharibənin 1001 günü» və sonralar «Bizim Cəbiş müəllim»
adlandırılan bədii film 1969-cu ildə «Azərbaycanfilm» kinostudiyasında
istehsal olunub. Filmdə İkinci Cahan müharibəsi zamanı hər cür məhrumiyyətlə
dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan insanların həyatından
bəhs olunur.
Filmin rejissoru Həsən Seyidbəyli, ssenari müəllifi Maqsud İbrahimbəyov,
operator Arif Nərimanov, rəssam Məmməd Hüseynov, bəstəkar Emin Mahmudovdur.
Rollarda Süleyman Ələsgərov, Əliağa Ağayev, Şəfiqə Məmmədova, Muxtar Maniyev,
Səfurə İbrahimova, Nəsibə Zeynalova, Aqil Ağacanov, Svetlana Morşinina,
Səfər Novruzov, Fazil Salayev, Ziya Seyidbəyli, Mehriban Seyidbəyli və
digərləri çəkiliblər.
YADDAŞINDAN:
Beləcə «Bizim Cəbiş müəllim» bədii filminin çəkilişləri başladı. Makedon
rolunda mən çəkilməli oldum. Çəkilişlər təxminən səkkiz ay çəkdi. Çəkilişlər
gedə-gedə rəhmətlik Adil İskəndərovun kino-aktyorluq kursuna yazıldım. Kurs
iki illik idi. Bir ilini oxudum, sonra hərbi xidmətə getdim. Qayıdandan
sonra kursu davam etdirmədim.
Yeri gəlmişkən bir şeyi demək istəyirəm. Bəzən görürsən ki, ağzıgöyçəklər
deyir ki, Makedon rolunu oynayan Aqil Ağacanov aktyorluq təhsili yoxdur və
s. Amma unudurlar ki, insan anadan aktyor doğulmalıdır. Mənim müəllimim Adil
İskəndərov, Şeyx Əbdül Mahmudov olub. Onu da deyim ki, bu filmin ən çox
əziyyətini çəkən Əbdül Mahmudov idi. Makedon rolunu oynamaq üçün bir neçə
adam seçilmişdi, o cümlədən hörmətli xalq yazıçsı Anar. Amma sınaq
çəkilişləri zamanı rejissorlar, təcrübəli aktyorlar Anar müəllimin yaşının
bu rola uyğun gəlmədiyini bildirdilər və mənim üzərimdə dayandılar.
-Süleyman Ələsgərov, Əliağa Ağayev, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə
İbrahimova, Nəsibə Zeynalova kimi böyük sənətkarlarla çəkilmək çətin deyildi
ki…
-Bilirsiniz necədir…Çəkiliş qrupundakı aktyorların birini ana, birini bacı,
birini qardaş biləndə arada doğma bir əhval-ruhiyyə yaranır və həyəcan-filan
itir. Təsəvvür edin ki, mən filmə istədiyim kimi çəkilirdim, yəni, rejissor,
təcrübəli aktyorlar tərəfindən heç bir təzyiq olmurdu. Bəzən özümdən
artırmalar da edirdim və mənimlə razılaşırdılar.
Nədənsə heç vaxt ürəyimdən keçməyib ki, taleyimi incəsənətlə bağlayım.
Təvazökarlıqdan uzaq olsa da, deyim ki, cəmisi bir filmlə oynadığım rolla
insanların ürəyinə yol tapdım. Əgər körpə uşaqdan böyüyə qədər, məni görən
hər kəs, «Makedon» deyə tanıyırsa, deməli nə isə deyə bilmişəm. Xalq məni
elə özünün sənətkarı hesab edir. Düşünürdüm ki, elə bir obraz yaratmaq da
kifayət edir. Düzdür sonralar sonralar bir filmə də çəkildim. Fikrət
Əliyevin çəkdiyi «Yuxu» filmində leytenant Mansurov rolunu mən oynadım.
…Film çəkiləndən sonra o insanlarla elə bir əlaqəm olmadı. Təkcə Şeyx Əbdül
Mahmudovla dostluğumuz davam edir. Filmdə Tanya rolunun ifaçısı da peşəkar
aktyor deyil. Svetlana Morşinina Bayılda böyüyüb başa çatıb. Hazırda da gəmi
təmiri zavodlarının birində baş mühasib işləyir. Gec-gec də olsa əlaqə
saxlayırıq.
PƏRƏN-PƏRƏN OLMUŞ DURNA QATARI
O filmdə Azərbaycanın ünlü sənətkarları yaddaqalan obrazlar yaradıblar.
Amma «Bizim Cəbiş müəllim» filmi deyən kimi, o anda nədənsə adamın Makedon,
Makedon deyən kimi filmdə səslənən meyxana düşür:
Durna kimi qatarından qalmısan,
Dərin-dərin dəryalara dalmısan.
Makedonu dərdə-qəmə salmısan,
Çağırsa ellər, gedərəm davaya,
Ol mənə dilbər, gedərəm davaya.
Aşqil Ağacanov həmin durna qatarının səfində daimi olmasa da, hər halda
bir-iki qanad çalmışdı. Sonra da həmişəlik qatardan ayrıldı. Və daha sonra
durna qatarı pərən-pərən oldu…
İndi o durna
qatarına nəinki qoşulmaq, heç onu tapmaq mümkün deyil…
Vasif SÜLEYMAN
|